BİRİNCİ PADŞAHLAR
KİTABI
GİRİŞ
«1 Padşahlar» Kitabı «1 və 2 Şamuel» Kitablarında başlanan İsrail padşahlığının tarixinin davamıdır.
Bu kitabı iki hissəyə ayırmaq olar: Süleymanın hakimiyyəti və nailiyyətləri, xüsusən Yerusəlimdə məbədin tikilməsi; İsrailin şimal və cənub padşahlıqlara bölünməsi.
«1 və 2 Padşahlar» Kitablarında hər hökmdarın dəyəri Allaha sadiq olması ilə ölçülür. Xalqın uğurları da bu sədaqətdən asılı idi. Bütpərəstlik və itaətsizlik isə bədbəxtliyə aparırdı. Şimaldakı dövlətin padşahlarından heç biri Allaha sadiq qalmadı, cənubda isə Yəhuda padşahlarının bəzisi sadiq, bəzisi isə sədaqətsiz çıxdı. «1 Padşahlar» Kitabında Rəbbin peyğəmbərləri əhəmiyyətli rol oynayır. Onlar bütlərə səcdə etməmək üçün adamlara cəsarətlə xəbərdarlıq edir və Allaha tərəf dönməyə çağırırdılar. Bu baxımdan İlyas peyğəmbərlə Baal bütünün kahinlərinin mübahisəsi barədə hekayət xüsusilə diqqəti cəlb edir.
Kitabın məzmunu
1:1–2:12 Davudun padşahlığının sonu
2:13-46 Süleymanın padşah olması
3:1–11:43 Süleymanın hakimiyyəti
3:1–4:34 Erkən illər
5:1–8:66 Məbədin tikilməsi
9:1–11:43 Sonrakı illər
12:1–22:53 Padşahlığın bölünməsi
12:1–14:20 Şimal qəbilələrinin üsyanı
14:21–16:34 Yəhuda və İsrailin padşahları
17:1–19:21 İlyas peyğəmbər
20:1–22:40 İsrail padşahı Axav
22:41-53 Yəhuda padşahı Yehoşafat və İsrail padşahı Axazya
1
Padşah Davudun son illəri
Padşah Davud qocalıb yaşa dolmuşdu. Onun üstünü örtüklərlə nə qədər örtürdülərsə, o isinmirdi. Əyanları ona dedilər: «Ağamız padşah üçün gənc bir qız axtaraq. Qoy o, padşahın önündə durub qayğısına qalsın və qoynunda yatsın ki, ağamız padşah isinsin». Onlar İsrailin bütün ərazisində gözəl bir qız axtardılar və Şunemli Avişaqı tapıb padşahın yanına gətirdilər. Qız çox gözəl idi. O, padşaha baxıb xidmət etdi, amma padşah onunla yaxınlıq etmədi.
Adoniyanın padşahlıq iddiası
* 2Şam. 3:4 Davudun Haqqitdən olan oğlu Adoniya «mən padşah olacağam» deyə lovğalanırdı. O özü üçün döyüş arabaları, atlılar və önündə gedəcək əlli nəfər hazırlamışdı. Atası Davud heç vaxt ona «Niyə belə etdin?» deməmişdi. Adoniya görkəmcə çox yaraşıqlı idi. O, Avşalomdan sonra dünyaya gəlmişdi. Adoniya Seruya oğlu Yoav və kahin Evyatarla əlbir oldu və onlar Adoniyaya kömək etdilər. Amma kahin Sadoq, Yehoyada oğlu Benaya, peyğəmbər Natan, Şimey, Rei və Davudun igidləri Adoniyanın tərəfində deyildilər. Adoniya En-Rogel yaxınlığındakı Zoxelet qayasında qoyun-keçi, mal-qara və bəslənmiş heyvanlar qurban kəsdi. Bütün qardaşlarını – padşahın oğullarını və padşaha qulluq edən bütün Yəhudalıları çağırdı, 10 amma peyğəmbər Natanı, Benayanı, igidləri və qardaşı Süleymanı çağırmadı.
Süleymanın padşah elan edilməsi
11  * 2Şam. 12:24 Onda Natan Süleymanın anası Bat-Şevaya dedi: «Məgər eşitməmisən ki, Haqqit oğlu Adoniya ağamız Davudun xəbəri olmadan padşahlıq edir? 12 İndi qulaq as, özünün və oğlun Süleymanın canını necə qurtaracağın barədə sənə məsləhət verim: 13 get, padşah Davudun yanına gir və ona söylə: “Ağam padşah! ‹Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq› deyib kənizinə and içmədinmi? Bəs onda nə üçün Adoniya padşahlıq edir?” 14 Sən orada padşahla danışarkən mən səndən sonra girəcəyəm və sözlərini təsdiq edəcəyəm».
15 Bat-Şeva otağa – padşahın yanına girdi. Padşah çox qoca idi və Şunemli Avişaq ona qulluq edirdi. 16 Bat-Şeva padşahın önündə diz çöküb təzim etdi. Padşah «Nə istəyirsən?» dedi. 17 Bat-Şeva ona dedi: «Mənim ağam! “Məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və taxtımda o oturacaq” deyib kənizinə Allahın Rəbbin haqqı üçün and içdin. 18 Ağam padşah, indi isə Adoniya padşahlıq edir və sənin bundan xəbərin yoxdur. 19 O, çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi. Padşahın bütün oğullarını, kahin Evyatarı və ordu başçısı Yoavı çağırdı, amma qulun Süleymanı çağırmadı. 20 Ağam padşah, bütün İsrailin gözü səndədir; sən onlara bildirməlisən ki, ağam padşahdan sonra taxtında kim oturacaq. 21 Yoxsa ağam padşah ataları ilə uyuyanda mən və oğlum Süleyman müqəssir sayılacağıq».
22 Bat-Şeva hələ padşahla danışarkən peyğəmbər Natan gəldi. 23 Padşaha «peyğəmbər Natan gəldi» dedilər. O, padşahın hüzuruna gəldi və üzüstə əyilib təzim etdi. 24 Natan dedi: «Ağam padşah! “Məndən sonra Adoniya padşah olacaq və taxtımda o oturacaq” deyib söyləmisənmi? 25 Adoniya bu gün gedib çoxlu mal-qara, bəslənmiş heyvan və qoyun-keçi qurban kəsdi və padşahın bütün oğullarını, ordu başçılarını və kahin Evyatarı çağırdı. Budur, “Yaşasın padşah Adoniya!” deyərək onun önündə yeyib-içirlər. 26 Ancaq o mən qulunu, kahin Sadoqu, Yehoyada oğlu Benayanı və qulun Süleymanı çağırmadı. 27 Məgər bu iş ağam padşahın əmri ilə olub? Bəs sən nə üçün qullarına bildirmədin ki, ağam padşahdan sonra taxtında kim oturacaq?»
28 Padşah Davud cavab verib «Bat-Şevanı yanıma çağırın!» dedi. Bat-Şeva padşahın hüzuruna gəlib önündə durdu. 29 Padşah and içib dedi: «Canımı bütün bəlalardan qurtarmış var olan Rəbbə and olsun ki, 30 “məndən sonra hökmən oğlun Süleyman padşah olacaq və mənim əvəzimə taxtımda o oturacaq” deyib sənin üçün İsrailin Allahı Rəbbə içdiyim andı bu gün yerinə yetirəcəyəm». 31 Bat-Şeva padşahın önündə üzüstə yerə əyilib təzim etdi və «Ağam padşah Davud əbədi yaşasın!» dedi.
32 Padşah Davud dedi: «Kahin Sadoqu, peyğəmbər Natanı və Yehoyada oğlu Benayanı mənim yanıma çağırın». Onların hamısı padşahın hüzuruna gəldi. 33 Padşah onlara dedi: «Ağanızın əyanlarını yanınıza alın və oğlum Süleymanı mənim qatırıma mindirib Gixon bulağına endirin. 34 Orada kahin Sadoq və peyğəmbər Natan onu İsrail padşahı olmaq üçün məsh etsinlər. Şeypur çalıb “Yaşasın padşah Süleyman!” söyləyin. 35 Sonra onun dalınca qalxın, o da gəlib taxtımda otursun, çünki mənim yerimə padşah olacaq. Onu İsrail və Yəhudaya hökmdar təyin etdim». 36 Yehoyada oğlu Benaya cavab verib dedi: «Amin! Ağam padşahın Allahı Rəbb belə istəyir. 37 Rəbb ağam padşaha yar olduğu kimi Süleymana da yar olsun və onun taxtını ağam padşah Davudun taxtından daha uca etsin».
38 Kahin Sadoq, peyğəmbər Natan, Yehoyada oğlu Benaya, Keretlilər və Peletlilər Süleymanı padşah Davudun qatırına mindirib aşağı endilər və onu Gixona qədər apardılar. 39 Kahin Sadoq ibadət çadırından yağ buynuzunu götürüb Süleymanı məsh etdi. Şeypur çalındı və bütün camaat «Yaşasın padşah Süleyman!» söylədi. 40 Camaat onun dalınca qalxıb getdi. Onlar ney çalaraq elə sevinirdilər ki, səslərindən yer titrəyirdi.
41 Adoniya və onunla olan bütün qonaqlar yeməklərini qurtaranda bu səsi eşitdilər. Yoav şeypur səsini eşidəndə dedi: «Şəhərdən niyə gurultu gəlir?» 42 O, sözünü qurtarmamış birdən kahin Evyatarın oğlu Yonatan gəldi. Adoniya ona dedi: «Gəl, sən igid adamsan, yaxşı xəbər gətirərsən». 43 Yonatan Adoniyaya cavab verib dedi: «Yox, elə deyil, ağamız padşah Davud Süleymanı padşah etmişdir. 44 Padşah kahin Sadoqu, peyğəmbər Natanı, Yehoyada oğlu Benayanı, Keretliləri və Peletliləri Süleymanla birgə göndərdi və onu padşahın qatırına mindirdilər. 45 Kahin Sadoq və peyğəmbər Natan Gixonda onu padşah olmaq üçün məsh etdilər. Oradan sevinclə qalxıb getdilər və şəhər canlandı. Eşitdiyiniz səs budur. 46 Üstəlik Süleyman padşahlıq taxtında oturdu. 47 Ağamız padşah Davudu təbrik etməyə gələn əyanları da “Sənin Allahın Süleymanın adını sənin adından daha böyük, taxtını sənin taxtından daha uca etsin!” deyəndə padşah yatağının üstündən əyildi. 48 Sonra belə dedi: “İsrailin Allahı Rəbbə alqış olsun ki, bu gün hələ gözlərim görərkən taxtımda oturan bir nəfər verdi!”»
49 Bunu eşidəndə Adoniyanın bütün qonaqları təşvişə düşüb qalxdılar və hər kəs öz yolu ilə getdi. 50 Adoniya isə Süleymandan qorxaraq qalxıb getdi və qurbangahın buynuzlarından yapışdı. * Qurbangahın buynuzlarından yapışdı – qədim Yəhudilərin adətinə görə qurbangahın buynuzlarından yapışmış adamı öldürmək olmazdı. Bax: Çıx. 21:13-14. 51 Bunu Süleymana bildirib dedilər: «Adoniya padşah Süleymandan qorxur və qurbangahın buynuzlarından yapışaraq “qoy padşah Süleyman bu gün mənə and içsin ki, bu qulunu qılıncla öldürməyəcək” deyir». 52 Süleyman dedi: «Əgər o, ləyaqətli adam olsa, başından bir tük belə, əskik olmaz, amma onda bir pislik tapılsa, öləcək». 53 Padşah Süleyman Adoniyanı qurbangahdan düşürüb gətirtdi. O da gəlib padşah Süleymana təzim etdi və Süleyman ona «Evinə get!» dedi.

*1:5 2Şam. 3:4

*1:11 2Şam. 12:24

*1:50 Qurbangahın buynuzlarından yapışdı – qədim Yəhudilərin adətinə görə qurbangahın buynuzlarından yapışmış adamı öldürmək olmazdı. Bax: Çıx. 21:13-14.