YƏHYANIN İKİNCİ MƏKTUBU
GİRİŞ
«Yəhyanın İkinci Məktubu» «ağsaqqal» tərəfindən «seçilmiş xanıma və onun övladlarına» ünvanlanıb. Yəqin ki burada imanlı cəmiyyəti və onun üzvləri nəzərdə tutulur. Qısa məktubda Yəhya imanlıları bir-birini sevməyə çağırır və onlara yanlış təlim yayanlar barədə xəbərdarlıq edir.
Kitabın məzmunu:
1:1-6 Məhəbbət və həqiqət
1:7-11 Yanlış təlimə qarşı xəbərdarlıq
1:12-13 Xudahafizləşmə
1
Mən ağsaqqaldan həqiqətə görə sevdiyim seçilmiş xanıma və onun övladlarına salam! Yalnız mən deyil, həqiqəti dərk edənlərin hamısı sizi sevir. Çünki həqiqət daxilimizdə qalır və əbədi olaraq bizimlə olacaq. Ata Allahdan və Atanın Oğlu İsa Məsihdən olan lütf, mərhəmət, sülh də həqiqət və məhəbbət əsasında bizimlə olacaq.
Məhəbbət və həqiqət
Sənin övladlarının arasında Atadan aldığımız əmrə uyğun olaraq həqiqətə görə həyat sürənlərə rast gələndə çox sevindim. * Yəh. 13:34; 15:12,17Ey xanım, indi də səndən xahiş edirəm ki, bir-birimizi sevək. Sənə yazdığım yeni bir əmr deyil, əvvəldən bəri malik olduğumuz əmrdir. Məhəbbət Atanın əmrlərinə görə həyat sürməyimizi tələb edir. Əvvəldən bəri eşitdiyiniz kimi əmr budur; gərək bu əmrə görə həyat sürəsiniz.
Çünki dünyada çoxlu yalançı meydana çıxıb ki, İsa Məsihin cismən gəldiyini iqrar etmir. Bunu edən şəxs yalançı və Məsih əleyhdarıdır. Özünüzü qoruyun ki, bizim çəkdiyimiz zəhməti bada verməyib tam mükafatı əldə edəsiniz.* Bizim çəkdiyimiz zəhməti … əldə edəsiniz – bəzi əlyazmalarda öz çəkdiyiniz zəhməti … əldə edəsiniz, bəzilərində isə biz öz çəkdiyimiz zəhməti … əldə edək. Həddi aşıb Məsihin təliminə sadiq qalmayan hər kəs Allaha malik deyil, həmin təlimə sadiq qalan kəs isə həm Ataya, həm də Oğula malikdir. 10 Əgər bir kəs yanınıza gəlib sizə bu təlimi öyrətməsə, onu qonaq qəbul etməyin və onunla salamlaşmayın. 11 Çünki onunla salamlaşan kəs onun şər əməllərinə şərik olur.
Xudahafizləşmə
12 Sizə yazılası çox sözüm var, amma bunları kağız və mürəkkəblə bildirmək istəmədim. Lakin ümid edirəm ki, özüm yanınıza gəlib sizinlə üz-üzə söhbət edim və beləcə sevincimiz Sevincimiz – bəzi əlyazmalarda sevinciniz. tamam olsun.
13 Sənin seçilmiş bacının övladları sənə salam göndərir.

*1:5 Yəh. 13:34; 15:12,17

*1:8 Bizim çəkdiyimiz zəhməti … əldə edəsiniz – bəzi əlyazmalarda öz çəkdiyiniz zəhməti … əldə edəsiniz, bəzilərində isə biz öz çəkdiyimiz zəhməti … əldə edək.

1:12 Sevincimiz – bəzi əlyazmalarda sevinciniz.