17
İsrailin son padşahı Huşə
Yəhuda padşahı Axazın padşahlığının on ikinci ilində Ela oğlu Huşə Samariyada İsrail üzərində padşah oldu və doqquz il padşahlıq etdi. O, Rəbbin gözündə pis olan işlər etdi, ancaq özündən əvvəlki İsrail padşahları kimi deyildi. Aşşur padşahı Şalmaneser Huşənin üstünə hücum etmişdi və Huşə ona tabe olub xərac vermişdi. Amma Aşşur padşahı Huşənin xəyanət etdiyini gördü, çünki o həm Misir padşahı Sonun yanına qasidlər göndərmişdi, həm də hər il olduğu kimi Aşşur padşahına xərac verməmişdi. Buna görə də Aşşur padşahı onu tutub zindana saldı.
Samariyanın süqutu
Aşşur padşahı bütün ölkəyə hücum etdi. O, Samariyaya yaxınlaşdı və oranı üç il mühasirədə saxladı. Huşənin padşahlığının doqquzuncu ilində Aşşur padşahı Samariyanı aldı və İsrailliləri Aşşur torpağına sürgün etdi. Onları Xalahda, Qozan çayı sahilindəki Xavorda və Midiya şəhərlərində yerləşdirdi.
Bu iş ona görə İsrail övladlarının başına gəldi ki, onları Misir padşahı fironun əsarəti altından, Misir torpağından çıxaran özlərinin Allahı Rəbbə qarşı günah etmişdilər. İsrail övladları başqa allahlara səcdə etmişdilər. Onların önündən Rəbbin qovduğu millətlərin adətlərinə və İsrail padşahlarının qoyduğu qanunlara görə davranmışdılar. Gizlində özlərinin Allahı Rəbbə qarşı doğru olmayan işlər etmişdilər. Məskən saldıqları hər yerdə keşikçi qülləsindən qalalı şəhərə qədər özləri üçün səcdəgahlar tikmişdilər. 10  * 1Pad. 14:23 Hər hündür təpənin üstündə, hər kölgəli ağacın altında sütunlar və Aşera bütləri qoymuşdular. 11 Onların önündən Rəbbin qovduğu millətlərin etdiyi kimi bütün bu səcdəgahlarda buxur yandırmış və pis işlər görüb Rəbbi qəzəbləndirmişdilər. 12 Rəbb onlara «belə etməyin» söylədiyinə baxmayaraq, onlar bütlərə qulluq etmişdilər.
13 Rəbb bütün peyğəmbərləri və görücüləri vasitəsilə İsraillilərə və Yəhudalılara xəbərdarlıq edib demişdi: «Pis yolunuzdan dönün. Atalarınıza buyurduğum və qullarım peyğəmbərlər vasitəsilə sizə öyrətdiyim Qanunda olan bütün əmrlərimə və qanunlarıma əməl edin». 14 Ancaq onlar bu sözlərə qulaq asmamışdılar və iman etməyən ataları kimi özlərinin Allahı Rəbbə boyun əyməmişdilər. 15 Onun qanunlarını, ataları ilə bağladığı əhdini və onlara etdiyi xəbərdarlıqları rədd etmişdilər. Boş şey dalınca gedib boş adamlar olmuşdular. Rəbb «ətrafınızdakı millətlər kimi etməyin» deyib əmr etdiyi halda onlar kimi davranmışdılar. 16  * 1Pad. 12:28 Özlərinin Allahı Rəbbin bütün əmrlərindən üz döndərib iki tökmə dana bütü və Aşera bütü düzəltmişdilər, bütün səma cisimlərinə səcdə etmişdilər və Baala qulluq etmişdilər. 17  * Qanun. 18:10 Oğullarını və qızlarını oda qurban vermişdilər, falçılıq və baxıcılıq etmişdilər. Rəbbin gözündə pis olan işlərə özlərini təslim edib Onu qəzəbləndirmişdilər.
18 Buna görə də Rəbb İsraillilərə qəzəblənib onlardan üz döndərdi. Yalnız Yəhuda qəbiləsindən başqa heç biri qalmadı.
19 Yəhudalılar da özlərinin Allahı Rəbbin əmrlərinə əməl etməmişdilər və İsraillilərin qoyduğu adətlərlə davranmışdılar. 20 Rəbb bütün İsrail nəslindən üz döndərərək onları alçaldıb soyğunçulara təslim etdi və nəhayət, onları hüzurundan kənara atdı. 21 Rəbb İsraili Davud sülaləsindən alıb ayırmışdı və İsraillilər Nevat oğlu Yarovamı padşah etmişdilər. Yarovam onları Rəbbin yolundan azdırmışdı və onlara böyük günahlar etdirmişdi. 22 İsrail övladları Yarovamın etdiyi bütün günahlara görə davranmışdılar və bu günahlardan əl çəkməmişdilər. 23 Rəbb Öz qulu olan bütün peyğəmbərlər vasitəsilə söylədiyi kimi, nəhayət, İsraillilərdən üz döndərdi. Onlar öz torpaqlarından Aşşur torpağına sürgün olundular və bu günə qədər belədir.
Aşşurluların Samariyaya yeni sakinlər köçürməsi
24 Aşşur padşahı Babildən, Kutadan, Avvadan, Xamatdan və Sefarvayimdən adamlar gətirib İsrail övladlarının yerinə Samariyanın şəhərlərində yerləşdirdi. Onlar Samariyaya sahib oldular və oranın şəhərlərində yaşadılar. 25 Onlar orada yaşamağa başlayanda Rəbbə sitayiş etmirdilər. Rəbb də üstlərinə şirlər göndərdi və şirlər onları öldürməyə başladı. 26 Onlar Aşşur padşahına dedilər: «Sürgün edib Samariyanın şəhərlərində yerləşdirdiyin millətlər bu ölkə Allahının adətlərini bilmirlər. O Allah da üstlərinə şirlər göndərdi və şirlər onları öldürür, çünki bu adamlar ölkə Allahının adətlərini bilmirlər». 27 Aşşur padşahı əmr edib dedi: «Oradan sürgün etdiyiniz kahinlərdən birini geri qaytarın, adamları ilə gedib orada yaşasın və ölkə Allahının adətlərini onlara öyrətsin». 28 Samariyadan sürgün etdikləri kahinlərdən biri gəlib Bet-Eldə yaşadı və Rəbbə necə sitayiş etməyi onlara öyrətməyə başladı.
29 Ancaq hər millət öz allahının bütünü düzəltdi. Onları yaşadıqları şəhərlərdə Samariyalıların səcdəgahlarda tikdikləri məbədlərə qoydular: 30 Babillilər Sukkot-Benot bütünü, Kutalılar Nerqal bütünü, Xamatlılar Aşima bütünü, 31 Avvalılar Nivxaz və Tartaq bütlərini düzəltdilər. Sefarvayimlilər isə oğullarını Sefarvayim allahları Adrammelek və Anammelek üçün odda yandırırdılar. 32 Onlar Rəbbə də sitayiş edirdilər. Səcdəgahların məbədlərində xidmət etmək üçün öz aralarından kahinlər seçib qoydular. 33 Onlar həm Rəbbə, həm də aralarından sürgün olunduqları millətlərin adətlərinə görə öz allahlarına sitayiş edirdilər.
34  * Yar. 32:28; 35:10 Onlar bu günə qədər də əvvəlki adətlərinə görə davranırlar və Rəbbə sitayiş etmirlər, adını İsrail qoyduğu Yaqubun nəslinə Rəbbin buyurduğu qaydalara, hökmlərə, qanunlara və əmrlərə əməl etmirlər. 35  * Çıx. 20:5; Qanun. 5:9 Rəbb Yaqub övladları ilə əhd etmişdi və onlara əmr edib demişdi: «Başqa allahlara sitayiş və səcdə etməyin, onlara qulluq edib qurban gətirməyin. 36  * Qanun. 6:13 Ancaq böyük qüdrəti və uzatdığı əli ilə sizi Misir torpağından çıxaran Rəbbə sitayiş və səcdə edin, Ona qurban gətirin. 37 Sizin üçün yazdığı qaydalara, hökmlərə, qanunlara və əmrlərə həmişə diqqətlə əməl edin və başqa allahlara sitayiş etməyin. 38 Sizinlə bağladığım əhdi unutmayın. Başqa allahlara deyil, 39 yalnız Allahınız Rəbbə sitayiş etsəniz, O sizi bütün düşmənlərinizin əlindən qurtarar». 40 Ancaq onlar bu sözlərə qulaq asmadılar və bu günə qədər də özlərinin əvvəlki adətlərinə görə davranırlar. 41 Beləcə bu millətlər həm Rəbbə, həm də öz bütlərinə sitayiş edirdilər. Ataları necə edirdisə, oğulları və nəvələri də bu günə qədər belə edirlər.

*17:10 1Pad. 14:23

*17:16 1Pad. 12:28

*17:17 Qanun. 18:10

*17:34 Yar. 32:28; 35:10

*17:35 Çıx. 20:5; Qanun. 5:9

*17:36 Qanun. 6:13