9
Yəhudilərin düşmənlərini məhv etməsi
On ikinci ay – Adar ayının on üçü padşahın əmri və fərmanının icra vaxtı yaxınlaşmaqda idi. Düşmənlər elə güman etmişdilər ki, o gün Yəhudilər onların hakimiyyəti altına düşəcək. Lakin bunun əksinə, Yəhudilər onlara nifrət edənlər üzərində zəfər çaldılar. Yəhudilər onlara pislik etməyə çalışanlara hücum etmək üçün padşah Axaşveroşun bütün vilayətlərində, yaşadıqları şəhərlərə də yığıldılar. Artıq onların qarşısında heç kim dayana bilməzdi, çünki onların zəhmi bütün xalqları bürümüşdü. Bütün vilayət rəisləri, canişinlər, valilər və padşahın məmurları Yəhudilərə kömək etdi. Çünki Mordokaya görə onların canına qorxu düşmüşdü. Mordokay padşah sarayında yüksək rütbə sahibi olmuş, şöhrəti bütün vilayətlərə yayılmışdı. Artıq bir şəxsiyyət kimi Mordokay get-gedə yüksəlirdi.
Yəhudilər bütün düşmənlərini qılıncdan keçirərək öldürüb yox etdilər. Onlara nifrət edənlərə nə istədilərsə, onu da etdilər. Yəhudilər Şuşan qalasında beş yüz nəfəri öldürüb yox etdilər. Bunlarla bərabər Yəhudilərin düşməni Hammedata oğlu Hamanın on oğlunu – Parşandatanı, Dalfonu, Aspatanı, Poratanı, Adalyanı, Aridatanı, 10 Parmaştanı, Arisayı, Aridayı, Vayzatanı öldürdülər, lakin talana əl atmadılar.
11 O gün Şuşan qalasında öldürülənlərin siyahısı padşahın hüzuruna gətirildi.
12 Padşah mələkə Esterə dedi: «Yəhudilər Şuşan qalasında beş yüz nəfəri və Hamanın on oğlunu öldürüb yox etdilər. İndi gör padşahın digər vilayətlərində nə ediblər! Yenə nə istəyin var? Sənə veriləcək. Nə arzun var? Yerinə yetiriləcək». 13 Ester dedi: «Əgər padşaha xoş görünsə, Şuşandakı Yəhudilərə sabah da izin verilsin ki, bugünkü fərmanı icra etsinlər. Hamanın on oğlunu isə dar ağacından assınlar». 14 Padşah belə edilməsini əmr etdi. Şuşanda fərman elan edildi. Hamanın on oğlu asıldı. 15 Şuşandakı Yəhudilər Adar ayının on dördündə də yığılıb orada üç yüz nəfəri öldürdülər, lakin talana əl atmadılar.
16 Padşahın vilayətlərində yaşayan digər Yəhudilər öz canlarını qorumaq üçün yığıldılar. Onlara nifrət edən yetmiş beş min nəfəri öldürüb düşmənlərindən azad oldular, lakin talana əl atmadılar. 17 Bu hadisə baş verəndə Adar ayının on üçü idi. On dördüncü gün azad olan Yəhudilər ziyafət və sevinc günü keçirdi. 18 Şuşandakı Yəhudilər isə həmin ayın on üçündə və on dördündə yığılıb ayın on beşində istirahət edərək ziyafət və sevinc günü keçirdilər. 19 Elə buna görə də kəndli olub əyalət şəhərlərində yaşayan Yəhudilər Adar ayının on dördünü sevinc, ziyafət və bir-birlərinə sovqat göndərdikləri şənlik günü kimi keçirməkdədir.
Purim bayramının təsisi
20 Mordokay bu hadisələri qeyd edib padşah Axaşveroşun uzaqda və yaxında olan bütün vilayətlərindəki Yəhudilərin hamısına məktub göndərdi. 21 Onlara buyurdu ki, hər il Adar ayının on dördünü və on beşini qeyd etsinlər, 22 çünki bu günlər Yəhudilər öz düşmənlərindən azad oldular və o ay kədərləri sevincə, matəmləri şənlik gününə çevrilmişdi. O günlər şənlik qurub sevinməli və bir-birlərinə yemək sovqatları göndərib kasıblara hədiyyə verməli idilər. 23 Yəhudilər özləri başladığı kimi Mordokayın yazılı əmrinə görə buna əməl etməyə razı oldular. 24  * Est. 3:7 Çünki bütün Yəhudilərin düşməni Aqaqlı Hammedata oğlu Haman Yəhudiləri yox etmək üçün onlara qəsd qurmuşdu. Onları əzərək məhv etmək üçün pur, yəni püşk atmışdı. 25 Lakin iş padşahın hüzuruna çatanda padşah məktub vasitəsilə əmr etmişdi ki, Hamanın Yəhudilərə qurduğu qəsd-qərəz Hamanın öz başına gətirilsin və Hamanla oğulları dar ağacından asılsın.
26 Elə buna görə də bu günlər Pur kəlməsinə görə Purim adlandırılır. Bu namədə verilən təlimatdan, bu iş haqqında gördüklərindən və başlarına gələn hadisələrdən ötrü 27 Yəhudilər özləri və sonrakı nəsilləri üçün, habelə onlara qoşulanlar üçün bir adət təsis etdirib bunu davam etdirdilər. Dedilər ki, bu iki günü hər il qaydalara və müəyyən vaxta görə qeyd etməkdə laqeydlik göstərməməlidirlər. 28 Bu günlər hər nəsildə, hər ailədə, hər vilayətdə və hər şəhərdə xatırlanıb qeyd edilməli, bu Purim günləri Yəhudilər arasından itməməli və övladlarının yadından çıxmamalıdır.
29 Avixayilin qızı mələkə Ester və Yəhudi Mordokay bu ikinci Purim naməsini tam səlahiyyətlə yazıb təsdiq etdilər. 30 Mordokay Axaşveroşun padşahlığının yüz iyirmi yeddi vilayətində yaşayan bütün Yəhudilərə sülh və həqiqət sözləri yazaraq məktub göndərdi ki, 31 Yəhudi Mordokayla mələkə Esterin onlara əmr etdikləri kimi, eləcə də tutacaqları oruclar və matəm vaxtları barədəki təlimatla özləri və sonrakı nəsilləri üçün müəyyənləşdirdikləri kimi vaxtı bəlli olan bu Purim günlərini təsis etsinlər. 32 Esterin əmri Purim bayramının bu qaydalarını təsdiqlədi və kitabda yazıldı.

*9:24 Est. 3:7