İBRANİLƏRƏ MƏKTUB
GİRİŞ
«İbranilərə Məktub» qarşıdurmalarla üzləşən və imanından dönmək təhlükəsində olan məsihçi imanlılara ünvanlanıb. Məktubun müəllifi onları imanda ruhlandırır və hər şeydən öncə göstərir ki, İsa Məsih Allahın izzətinin təzahürü və onun mahiyyətinin tam surətidir. Bunu etməklə o, üç əsas həqiqəti vurğulayır: İsa Məsih Allahın əbədi Oğludur. O çəkdiyi əzablarla Ataya itaətli olmağı öyrəndi. İsa Məsih Allahın Oğlu olaraq Əhdi-Ətiqin peyğəmbərlərindən, xüsusilə də, Musadan da üstündür. İsa Məsih kahinlərdən üstün olaraq Allah tərəfindən əbədi Kahin elan olunmuşdur. İmanlılar İsa Məsihə iman etmək vasitəsilə günahdan, qorxudan və ölümdən qurtulur. İsa Baş Kahin kimi həqiqi xilası təmin edir.
Məktubun müəllifi İsrail tarixində məşhur adamları nümunə gətirərək oxucuları sadiq qalmağa çağırır. O, oxuculara iztirab və təqiblər zamanı İsaya baxıb dözümlü olmağı tövsiyə edir. Məktub məsləhət və xəbərdarlıqla bitir.
Kitabın məzmunu:
1:1-14 Allahın Oğlunun mələklərdən üstünlüyü
2:1-18 İmanlılara öyüd-nəsihət
3:1–4:13 İsanın Musadan üstünlüyü
4:14–7:28 İsa Məsih baş kahinimizdir
8:1-13 Məsihin Əhdinin üstünlüyü
9:1-22 Yeni Əhdin qurbanı köhnəsindən üstündür
9:23–10:39 Son qurban
11:1-40 İman qəhrəmanları
12:1-29 Allahın ata ürəyi barəsində
13:1-25 Öyüd-nəsihətlər
1
Allahın Oğlu mələklərdən üstündür
1 Allah qədim zamanlarda dəfələrlə və müxtəlif yollarla əcdadlarımıza peyğəmbərlər vasitəsilə müraciət etmişdi. 2 Amma bu axır zamanda O bizə Oğul vasitəsilə müraciət etdi; Onu hər şeyin varisi təyin etmişdi və Onun vasitəsilə kainatı yaratmışdı. 3 Oğul Allahın izzətinin əksi və mahiyyətinin tam surətidir. O hər şeyi qüdrətli kəlamı ilə saxlayır. O, günahlardan təmizlənməni təmin edəndən sonra ucalarda möhtəşəm Allahın sağında oturdu. 4 Mələklərdən nə qədər üstün adı irs olaraq aldısa, o qədər onlardan üstün oldu.
5 * 2Şam. 7:14; 1Saln. 17:13; Zəb. 2:7Axı Allah mələklərin hansına nə vaxtsa
«Sən Mənim Oğlumsan,
Mən bu gün Sənə Ata oldum»
yaxud
«Mən Ona Ata, O isə Mənə Oğul olacaq»
demişdir? 6 * Zəb. 97:7 Yenə də Allah İlk Doğulanı dünyaya gətirəndə deyir:
«Allahın bütün mələkləri qoy Onun qarşısında səcdə etsin».
7 * Zəb. 104:4Mələklər barəsində isə deyir:
«Öz mələklərini küləklərə,
Öz xidmətçilərini yanar oda döndərir!»
8 * Zəb. 45:6-7Amma Oğul haqqında bunu deyir:
«Ey Allah, taxtın əbədilik, sonsuzadək qalır,
Sənin şahlıq əsan insaf əsasıdır.
9 Salehliyi sevib qanunsuzluğa nifrət etmisən.
Ona görə Allah, Sənin Allahın
Sevinc yağı ilə
Yoldaşlarından çox Səni məsh edib».
10 * Zəb. 102:25-27Yenə deyir:
«Ya Rəbb, Sən yerin təməlini əzəldən qurmusan,
Göylər Sənin əllərinin işidir!
11 Onlar yox olacaq, amma Sən qalacaqsan,
Hamısı paltar kimi köhnələcək,
12 Onları geyim kimi bükəcəksən,
Onları paltar kimi dəyişdirəcəksən.
Amma Sən dəyişməzsən,
İllərin tükənməzdir».
13 * Zəb. 110:1Lakin Allah mələklərin hansına nə vaxtsa
«Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək
Sağımda otur»
demişdir? 14 Bütün mələklər xilası irs olaraq alacaq şəxslərə xidmət etmək üçün göndərilən xidmətçi ruhlar deyilmi?