PAULUN
ROMALILARA MƏKTUBU
GİRİŞ
Paul bu məktubu özünü və yaydığı Müjdəni Romadakı imanlılar cəmiyyətinə təqdim etmək üçün yazmışdı. O heç vaxt imperatorluğun paytaxtı olan bu şəhərdə olmamışdı, halbuki oradakı bir çox məsihçilərin adını bilirdi və onlara tezliklə baş çəkmək istəyirdi. Paul onlara özünün «həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş» olduğunu söyləyir (1:1). Onun yaydığı Müjdə bundan ibarət idi ki, Müjdə «iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın xilası üçün Allahın qüdrətidir» (1:16).
Paul həm də hamının günah edib, Allahın izzətindən məhrum olmasını oxucuların yadına salır (3:23). Amma Allah bizi necə qəbul edə bilər? Paul bu əsas suala Romalılara məktubda cavab verir. O, məktubda göstərir ki, heç kim Allahın tələblərini yerinə yetirməyə qadir deyil. Yəhudilər Musanın Qanununa tabe olmadılar; başqa millətlərlə isə Allah müxtəlif yollarla danışdısa da, onlar Onun barəsində hətta düşünməkdən belə, imtina etdilər (1:18–3:20).
Paul burada Allahın bizi necə qəbul etdiyini aydın göstərir:
«Allahdan gələn bu salehlik İsa Məsihə iman vasitəsilə Ona iman gətirənlərin hamısına verilir. Heç kəsə fərq qoyulmur… Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır» (3:22,24).
«İsa bizim təqsirlərimizə görə ölümə təslim edildi və bizim saleh sayılmağımız üçün dirildi» (4:25).
Məktubun məzmunu:
1:1-17 Salamlama və məktubun mövzusu
1:18–3:20 Xilasa ehtiyac
3:21–4:25 Allahın verdiyi xilas yolu
5:1–8:39 Məsihdə yeni həyat
9:1–11:36 Allahın İsrail üçün planı
12:1–15:13 Məsihçi davranışı
15:14–16:27 Yekun və şəxsi salamlar
1
İsa Məsihin qulu, həvari olmağa çağırılmış, Allahın Müjdəsini yaymaq üçün seçilmiş mən Pauldan salam! Allahın Öz peyğəmbərləri vasitəsilə Müqəddəs Yazılarda əvvəlcədən vəd etdiyi o Müjdə 3-4 Oğlu Rəbbimiz İsa Məsih haqqındadır. O, cismən Davud nəslindəndir, müqəddəslik Ruhuna görə isə ölülər arasından dirilərək Allahın Oğlu olduğu qüdrətlə elan olundu. Biz Onun vasitəsilə lütfə və həvariliyə nail olduq ki, Onun adı naminə bütün millətlərdən olan insanları imana itaət etməyə çağıraq. Siz də İsa Məsihə məxsus olmaq üçün çağırılmış o insanların arasındasınız. Romada yaşayan, Allahın sevdiyi və müqəddəs olmağa çağırdığı sizin hamınıza Atamız Allahdan və Rəbb İsa Məsihdən lütf və sülh olsun!
Paulun Romaya getmək arzusu
Hər şeydən əvvəl, hamınız üçün İsa Məsihin vasitəsilə Allahıma şükür edirəm ki, imanınız bütün dünyada elan olunur. Oğlunun Müjdəsini yaymaqda bütün qəlbimlə ibadət etdiyim Allah şahidimdir ki, mən sizi necə daim yada salıram. 10 Dualarımda həmişə yalvarıram ki, Allahın iradəsi ilə nəhayət yanınıza gəlməyə nail olum. 11 Çünki sizi qüvvətləndirmək üçün sizə ruhani bir ənam çatdırmaq məqsədindəyəm; buna görə də sizi görmək üçün həsrət çəkirəm. 12 Daha doğrusu, mən aranızda olarkən bir-birimizin imanı ilə qarşılıqlı halda ruhlanaq. 13  * Həv. 19:21Ey qardaşlar, bixəbər olmağınızı istəmirəm ki, başqa millətlərdən olan digərləri arasında etdiyim kimi sizin aranızda da əməyimin bəhrəsini götürüm deyə dəfələrlə yanınıza gəlmək niyyətində olmuşam, amma indiyədək maneələrə rast gəldim. 14 Mən həm Yunanlara, həm də barbarlara, həm aqillərə, həm də cahillərə borcluyam. 15 Bu səbəbdən mən Romada yaşayan sizlərə də bacardığım qədər Müjdəni yaymağa həvəsim var.
Müjdədəki Allah salehliyi
16  * Mark 8:38Mən Müjdədən utanmıram, çünki o, iman edən hər kəsin – əvvəlcə Yəhudinin, sonra da Yunanın* Yunan – yəni başqa millətdən olan. xilası üçün Allahın qüdrətidir. 17  * Hab. 2:4Müjdədə Allahın salehliyi aşkar olur və bu salehlik tamamilə imanla əldə edilir. Necə ki yazılıb: «Saleh adam imanla yaşayacaq».
Adamların günahkarlığı
18 Həqiqətə haqsızlıqla əngəl törədən adamların hər cür allahsızlığı və haqsızlığı ucbatından Allahın qəzəbi göydən aşkar olur. 19 Çünki Allah haqqında məlum olan şeylər onlara aşkardır, Allah Özü bunu onlara aşkar edib. 20 Dünyanın yaradılışından bəri Allahın gözə görünməyən xüsusiyyətləri, yəni əbədi qüdrəti və ilahiliyi Onun yaratdıqları vasitəsilə üzə çıxır. Buna görə də onlar üzrsüzdür. 21  * Ef. 4:17-18Adamlar Allahı tanıdıqları halda Ona nə Allah kimi izzət verdilər, nə də şükür etdilər. Əksinə, boş düşüncələrə uydular və axmaq ürəklərini qaranlıq bürüdü. 22 Müdrik olduqlarını iddia etdikləri halda ağılsız olub, 23  * Qanun. 4:16-18fani olmayan Allahın izzətini fani olan insana, quşlara, dördayaqlılara və sürünənlərə bənzəyən bütlərlə əvəz etdilər.
24 Buna görə də Allah onları ürəklərinin şəhvəti üzündən murdarlığa təslim etdi ki, bir-birlərinin bədənini rüsvay etsinlər. 25 Onlar Allahın həqiqətini yalanla əvəz etdilər, Yaradanın yerinə yaradılışa səcdə və ibadət etdilər; o Yaradana əbədi alqış olsun! Amin.
26 Bu səbəbdən Allah onları öz rəzil həvəslərinə təslim etdi. Onların qadınları təbii əlaqəni qeyri-təbii əlaqə ilə əvəz etdilər, 27 eyni tərzdə kişilər də qadınla olan təbii əlaqədən əl çəkib bir-birlərinə şəhvətlə qızdılar; kişilər kişilərlə rüsvayçılıq edib öz daxillərində rəzilliklərinə layiq cəzanı aldılar.
28 Allahı şüurlarında saxlamağı yanlış saydıqları üçün Allah da onları yanlış düşüncələrə təslim etdi ki, ədəbsiz işlər görsünlər. 29 Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münaqişə ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar. Onlar qeybətçi, 30 böhtançı, Allaha nifrət edən, söyüşçü, məğrur, təkəbbürlü, pis işlərdə bacarıqlı, ata-anaya itaətsiz, 31 axmaq, xain, şəfqətsiz və rəhmsizdir. 32 Hərçənd ki belə işlərlə məşğul olanların ölümə layiq olduğu barədə Allahın ədalətli hökmünü bilirlər, amma yenə də bu işləri görürlər, hətta belə işlər görən başqalarını da alqışlayırlar.

*1:13 Həv. 19:21

*1:16 Mark 8:38

*1:16 Yunan – yəni başqa millətdən olan.

*1:17 Hab. 2:4

*1:21 Ef. 4:17-18

*1:23 Qanun. 4:16-18