6
1 Səma altında gördüyüm bir dərd də var ki, insanlar arasında çox yayılıb: 2 adam var ki, Allah ona var-dövlət, izzət verir, arzu etdiyi hər şeyi yerinə yetirir, ancaq ona bu şeylərdən yeyib-içməyə imkan vermir, yad bir adam onun malını yeyir. Bu da puçdur, böyük bir dərddir. 3 Bir adam yüz uşaq atası olub, uzun illər yaşasa da, amma uzun ömrünün əvəzində firavanlığından doymayıb hörmətlə dəfn olunmazsa, məncə, ölü doğulmuş uşaq ondan yaxşıdır. 4 Çünki ölü doğulmuş uşaq boş yerə doğulur, qaranlıq içində itib-gedir, heç adı da çəkilmir. 5 Nə günəş üzü görür, nə də bir şey bilir. Amma bu uşağın rahatlığı o adamınkından çoxdur. 6 Çünki o adam iki dəfə min il ömür sürsə də, sevincin nə olduğunu bilmir. Məgər hər ikisi eyni yerə getmirmi?
7 İnsan bütün zəhməti
Qarnı üçün çəkir,
Amma yenə də iştahası bitib-tükənmir.
8 Hikmətli adamın ağılsızdan
Nə üstünlüyü var?
Yoxsul başqa insanlarla
Necə rəftar etməyi bilsə də,
Bunun ona nə faydası var?
9 Gözün görməsi ürəyin istəməsindən yaxşıdır.
Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
10 Nə varsa, adı çoxdan qoyulmuşdur,
İnsanın da nə olduğu bilinir.
Heç kəs özündən güclü ilə güləşə bilməz.
11 Sözün çoxluğu puçluğu çoxaldır.
Bunun insana nə faydası var?
12 Görəsən kim bilir ki, kölgə kimi keçən qısa puç həyatda insan üçün yaxşı şey nədir? Kim insana deyə bilər ki, özündən sonra səma altında nə baş verəcək?