ÇIXIŞ
KİTABI
GİRİŞ
«Çıxış» Kitabının adı İsrail tarixində olan ən mühüm hadisə ilə bağlıdır. Bu, İsrail xalqının Allahın köməyi ilə Misir köləliyindən çıxmasıdır. Allah Öz möhtəşəmliyini, sədaqətini, mərhəmətini seçdiyi xalqına belə aşkar etdi.
Bu kitab dörd əsas hissədən ibarətdir: (1) İsraillilərin köləlikdən azad olması; (2) Onların Sina dağına getməsi; (3) Allahın Öz xalqı ilə bağladığı əhdi və onunla bağlı İsrailə yaşamaq üçün əxlaqi, mülki və dini qanunların verilməsi; (4) İsrail üçün ibadətgahın – müqəddəs məskənin və onun avadanlığının qurulması, həmçinin kahinlər üçün Allaha ibadət qayda-qanunların verilməsi.
Bu kitab hər şeydən əvvəl köləlikdən qurtarıb gələcəyə ümidlə baxan Allah xalqının formalaşmasından danışır. Kitabın əsas qəhrəmanı olan Musa peyğəmbər İsrail xalqını Misirdən çıxarmaq üçün Allah tərəfindən rəhbər seçilmişdir.
Kitabın məzmunu:
1:1–15:21 İsraillilərin Misir köləliyindən azad olması
1:1-22 Misirdə köləlik
2:1–4:31 Musanın doğulması və həyatının ilk dövrü
5:11–11:10 Musanın və Harunun Misir fironuna qarşı çıxması
12:1–15:21 Pasxa və Misirdən çıxış
15:22–18:27 Qırmızı dənizdən Sina dağına köçmə
19:1–24:18 Sina dağında bağlanmış əhd və qanunlar
19:1-25 İsraillilər Sina dağında
20:1-26 Allahın On Əmri
21:1–24:18 Digər hökmlər
25:1–40:38 Müqəddəs məskən və ibadət üçün qaydalar
1
İsrail övladlarının Misirdəki vəziyyəti
* Yar. 46:8-27 Yaqubla birlikdə ailələri ilə Misirə gələn İsrail övladlarının adları bunlar idi: Ruven, Şimeon, Levi, Yəhuda, İssakar, Zevulun, Binyamin, Dan, Naftali, Qad, Aşer, Yaqubun nəslindən törənən yetmiş nəfər idi. Yaqubun oğlu Yusif artıq Misirdə idi. Vaxt yetişdi, Yusif, qardaşları və o nəslin hamısı öldü. * Həv. 7:17 Amma İsrail övladları çoxalıb böyüdülər, sayları artdı və onlar çox qüvvətləndi; ölkə onlarla doldu.
* Həv. 7:18 Misirdə Yusifi tanımayan yeni bir padşah taxta çıxdı. O, xalqına dedi: «Baxın İsrail övladları sayca bizdən çox və daha qüvvətlidir. 10  * Həv. 7:19 Gəlin onlarla ağılla rəftar edək, yoxsa çoxalar və müharibə vaxtı düşmənlərimizlə birləşib bizə qarşı vuruşar, sonra isə ölkəni tərk edərlər».
11 Misirlilər İsrail övladlarına əziyyət vermək üçün onların üzərinə zülmkar iş nəzarətçiləri qoydular. İsrail övladları firon üçün Pitom və Ramses adlanan şəhərlər tikdilər. Orada anbarlar yerləşdirdilər. 12 Ancaq İsrail övladlarına əziyyət vermələrinə baxmayaraq, onlar çoxalıb artırdı. Onda Misirlilər İsrail övladlarından qorxub, 13 onları sıxıntılı əsarətdə saxladılar. 14 Misirlilər İsrail övladlarını ağır işlərlə – palçıq tapdalamaqla, kərpic kəsməklə və hər cür tarla işləri ilə amansızcasına işlədib onların həyatını acı etdilər.
15 Misir padşahı birinin adı Şifra, o birinin adı Pua olan İbrani mamaçalarına dedi: 16 «İbrani qadınlarını doğuzduranda baxın: əgər uşaq oğlan olarsa, onu öldürün, yox, əgər qız olsa, qoy yaşasın». 17 Ancaq mamaçalar Allahdan qorxurdular və buna görə Misir padşahının onlara əmr etdiyi kimi etmədilər və oğlan uşaqlarını sağ buraxdılar. 18 Misir padşahı mamaçaları çağırtdırıb onlara dedi: «Niyə belə etdiniz? Niyə oğlan uşaqlarını sağ buraxdınız?» 19 Mamaçalar firona dedilər: «Çünki İbrani qadınları Misirli qadınlar kimi deyil, onlar daha sağlamdırlar və mamaçalar onların yanına gəlməzdən əvvəl doğurlar». 20 Buna görə Allahın xalqı çoxalıb artdı. Allah mamaçalara da xeyirxahlıq göstərdi. 21 Ondan qorxduqlarına görə bu qadınlara da ailə nəsib etdi.
22  * Həv. 7:19 Firon bütün xalqına əmr edib dedi: «İbranilərdən hər doğulan oğlan uşağını Nil çayına atın! Hər qız uşağını isə sağ qoyun».

*1:1 Yar. 46:8-27

*1:7 Həv. 7:17

*1:8 Həv. 7:18

*1:10 Həv. 7:19

*1:22 Həv. 7:19