YEŞUA
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
«Yeşua» Kitabının məzmunu Musanın davamçısı olan Yeşuanın başçılığı ilə İsrail xalqının Kənan torpağını zəbt etmə tarixindən bəhs edir. Bu kitabda yazılan məşhur hadisələr İsrail xalqının İordan çayının keçməsi, Yerixonun süqutu, Ay şəhəri uğrunda döyüş, Kənan torpağının on iki qəbilə arasında bölünməsi və Allahla xalqının arasında əhdin təzələnməsidir. Müqəddəs Kitabın ən geniş yayılan ayələrindən biri «Yeşua» Kitabının 24:15-ci ayəsində yazılmışdır: «…bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. …Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
Kitabın məzmunu:
1:1–12:24 Kənan torpağının ələ keçirilməsi
13:1–21:45 Torpağın bölünüb paylanması
13:1-33 İordan çayının şərqindəki torpaq
14:1–19:51 İordan çayının qərbindəki torpaq
20:1-9 Sığınacaq üçün şəhərlər
21:1-45 Levililərin şəhərləri
22:1-34 Şərq qəbilələrinin qayıtması
23:1-6 Yeşuanın vəsiyyəti
24:1-33 Şekemdə yenidən bağlanan əhd
1
Rəbb Yeşuaya vəd olunmuş torpağı tutmasını əmr edir
Rəbbin qulu Musanın ölümündən sonra Rəbb Musanın köməkçisi Nun oğlu Yeşuaya belə dedi: «Qulum Musa öldü. İndi qalx, sən və bütün bu xalq İordan çayını keçib İsrail övladlarına verəcəyim torpağa gedin. * Qanun. 11:24-25 Musaya dediyim kimi qədəm qoyacağınız hər yeri sizə vermişəm. Bu səhra ilə Livandan böyük çaya – Fərat çayına qədər, Xetlilərin bütün ölkəsi və günbatan tərəfdən isə Böyük dənizə* Böyük dəniz – Aralıq dənizi. qədər yer sizin torpaqlarınız olacaq. * Qanun. 31:6,8; İbr. 13:5 Bütün ömrün boyu heç kəs sənə qarşı çıxa bilməyəcək. Musa ilə olduğum kimi səninlə də olacağam, səni atmayacağam və tərk etməyəcəyəm. * Qanun. 31:6,7,23 Möhkəm və cəsarətli ol, çünki atalarına vermək üçün and içdiyim bu torpağı bu xalqa irs olaraq sən verəcəksən. Qulum Musanın sənə tapşırdığı Qanuna tam və dəqiq əməl etmək üçün cəsarətli və çox möhkəm ol. Ondan nə sağa, nə də sola dön ki, hara getsən, uğur qazanasan. Bu Qanun kitabının sözləri dilindən düşməsin, orada yazılan hər şeyə dəqiq əməl etmək üçün gecə-gündüz onun üzərində düşün. Onda yolun uğurlu olacaq və müvəffəqiyyət qazanacaqsan. Sənə möhkəm və cəsarətli olmağı əmr edən Mən deyiləmmi? Qorxma və ruhdan düşmə, çünki Allahın Rəbb gedəcəyin hər yerdə səninlədir».
10 Yeşua xalqın məmurlarına əmr edib dedi: 11 «Ordugahı gəzin və xalqa əmr edib deyin: “Özünüzə azuqə hazırlayın, çünki üç gün ərzində İordan çayını keçib Allahınız Rəbbin sizə mülk olaraq verdiyi torpağa girərək oraya sahib olacaqsınız”».
Torpaq alan İsrail qəbilələri də Yeşua ilə gedir
12  * Say. 32:28-32; Qanun. 3:18-20; Yeşua 22:1-6 Yeşua Ruvenlilərə, Qadlılara, Menaşşe qəbiləsinin yarısına belə dedi: 13 «Yadınıza salın ki, Rəbbin qulu Musa sizə belə vəsiyyət etmişdi: “Allahınız Rəbb rahatlığınız üçün bu torpağı sizə verdi”. 14 Arvadlarınız, uşaqlarınız, sürüləriniz İordan çayının bu tayında Musanın sizə verdiyi torpaqda qalsın. Ancaq siz – bütün igid adamlar silahlanıb qardaşlarınızın qabağında o taya keçin. 15 Rəbb sizə rahatlıq verdiyi kimi soydaşlarınıza da rahatlıq verənə qədər və Allahınız Rəbbin verdiyi torpağa sahib olana qədər onlara kömək edin. Sonra siz Rəbbin qulu Musanın İordan çayının şərqində sizə mülk olaraq verdiyi torpağa qayıdıb oraya sahib ola bilərsiniz».
16 Onlar da Yeşuaya cavab verib dedilər: «Bizə nə buyursan, edəcəyik və hara göndərsən, gedəcəyik. 17 Hər işdə Musaya necə qulaq asırdıqsa, sənə də elə qulaq asacağıq. Qoy Allahın Rəbb Musa ilə olduğu kimi səninlə də olsun. 18 Sənin əmrlərinə qarşı çıxan, buyurduğun hər sözə qulaq asmayan hər kəs öldürüləcək. Yalnız sən möhkəm və cəsarətli ol».

*1:3 Qanun. 11:24-25

*1:4 Böyük dəniz – Aralıq dənizi.

*1:5 Qanun. 31:6,8; İbr. 13:5

*1:6 Qanun. 31:6,7,23

*1:12 Say. 32:28-32; Qanun. 3:18-20; Yeşua 22:1-6