VAİZ
KİTABI
GİRİŞ
«Vaiz» Kitabı insan həyatının qısa və təzadlı olmasından, onun müəmmalı haqsızlığından, insan ümidlərinin puça çıxmasından və «həyat puçdur» deyib bu nəticəyə gələn adamın fikirlərindən danışır. O, insan həyatını nizamlayan Allahın yollarını başa düşə bilmir. Buna baxmayaraq, adamlara səylə işləməyi və Allahın bəxş etdiyi nemətlərdən zövq almağı tövsiyə edir.
Vaizin çox fikirləri mənfi və sıxıntılı görünür. Lakin bu kitabın Müqəddəs Kitaba daxil olması göstərir ki, Allaha inam belə bədbinliyi və ruh düşkünlüyünü aradan qaldıra bilər.
Çox adam «Vaiz» Kitabını oxuyarkən öz fikir və düşüncələrini sanki güzgüdə görür və bu kitabdan təsəlli tapır. Belə fikirlər əks etdirən adam Allaha daha çox ümid etməyi öyrənir və beləliklə, həyatın əsl mənasını aşkar edir.
Kitabın məzmunu:
1:1-18 Hər şey puçdur
2:1-26 Şadlığın puçluğu
3:1-22 Hər şeyin öz vaxtı var
4:1-16 Dünyanın əziyyətləri
5:1–6:20 Allaha münasibət
7:1–8:17 Hikmət haqqında
9:1–10:20 Hər kəsin taleyi eynidir
11:1–11:6 Zəhmətin qiyməti
11:7–12:8 Son məsləhət: Allahı yada sal
12:9-14 Son söz
1
Hər şey puçdur
Bu, Yerusəlimdə padşahlıq edən Davud oğlu Vaizin sözləridir.
Vaiz deyir:
«Hər şey puçdur, puçdur, tamam puçdur!
İnsanın səma altında çəkdiyi
Bütün zəhmətlərinin nə faydası var?
Bir nəsil gedir, o biri nəsil gəlir,
Amma dünya daim qalır.
Günəş çıxır, günəş batır,
Sonra tələsik yerinə dönür ki,
Təzədən çıxsın.
Külək cənub səmtinə əsir,
Sonra şimal səmtinə dönür.
Dönə-dönə gedir,
Öz yolunu təkrar edir.
Bütün çaylar dənizə axır,
Amma dəniz heç vaxt dolmur.
Axdıqları yerə qayıdırlar ki,
Təzədən axsınlar.
Hər şey çətin başa gəlir.
Sözlər kifayət etmir,
Göz görməkdən doymur,
Qulaq da eşitməkdən.
Nə olubsa, yenə olacaq,
Nə edilibsə, yenə ediləcək.
Ona görə də səma altında tamam təzə bir şey yoxdur.
10 Məgər bir şey var ki,
Onun haqqında deyilsin:
“Bax bu təzə bir şeydir?”
O da çoxdan var imiş –
Bizim dövrümüzdən əvvəl.
11 Əvvəlki şeylərdən heç nə xatırlanmır,
Gələcəkdə baş verən şeylərdən də
Bundan sonra gələnlər arasında
Heç nə xatırlanmayacaq.
Hikmətin puçluğu
12 Mən Vaiz Yerusəlimdə İsrailin padşahı idim. 13 Ürəyimdə niyyət etdim ki, göylər altında edilən bütün işləri hikmətlə öyrənib araşdırım. Bu çətin işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 14 Səma altında edilən bütün işlərə nəzər saldım və bildim ki, onların hamısı puçdur, külək dalınca qaçmağa bənzər.
15 Əyri olan düz ola bilməz,
Əskik olan sayıla bilməz.
16  * 1Pad. 4:29-31 Öz-özümə dedim: “Bax mən böyük adam olmuşam və məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından çox hikmət qazanmışam. Ağlımda çoxlu hikmət və bilik var”. 17 Sonra ürəyimdə niyyət etdim ki, hikmətin nə olduğunu, dəlilik və axmaqlığın nə olduğunu öyrənim. Amma bildim ki, bu da külək dalınca qaçmağa bənzər.
18 Çünki hikmət çox olduqca
Kədər də çoxalır.
Bilik artdıqca
Dərd də artır.

*1:16 1Pad. 4:29-31