2
Şadlığın puçluğu
1 Mən ürəyimdə dedim: “Gəl indi də şadlıq etməyi sınaqdan keçir və kefə bax”. Amma gördüm ki, bu da puçdur. 2 Gülmək haqqında “Dəlilikdir!”, şadlıq haqqında “Nə faydası var?” dedim. 3 Hələ ağlım başımda olarkən cəhd etdim ki, necə özümü şərabla şənləndirib ağılsız olum. Beləcə görmək istəyirdim ki, göylər altında insanlar üçün bir neçə günlük ömürlərində kef açan nədir.
4 * 1Pad. 10:23-27; 2Saln. 9:22-27 Mən böyük işlər gördüm: özümə evlər tikdim, üzüm bağları saldım, 5 özümə bağçalar və bağlar düzəltdim, orada hər cür meyvə ağacı əkdim. 6 Özümə su hovuzları düzəltdim ki, meşədə bitən ağacları suvarsın. 7 * 1Pad. 4:23 Nökərlər və kənizlər aldım, evimdə doğulan qullarım var idi. Naxırlarım və sürülərim də məndən əvvəl Yerusəlimdə yaşayanların hamısınkından çox idi. 8 * 1Pad. 10:10,14-22 Özümə qızıl-gümüş, padşahların və vilayətlərin xəzinələrini yığdım. Özümə kişi və qadın müğənnilər gətirtdim, kişilərin xoşuna gələn ən gözəl qadınların sayını artırdım.
9 * 1Saln. 29:25 Beləcə yüksəlib məndən əvvəl Yerusəlimdə yaşayanların hamısından daha əzəmətli oldum. Hikmətim də özümdə qaldı.
10 Gözlərimin istədiyi hər şeyi özümdən əsirgəmədim,
Ürəyimi heç bir həzzdən məhrum etmədim,
Könlüm etdiyim hər işdən zövq aldı.
Bu çəkdiyim bütün zəhmətlərin payı idi.
11 Mən etdiyim bütün işlərə,
Nail olmaq üçün çəkdiyim bütün zəhmətlərə dönüb baxdım:
Gördüm ki, hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Səma altında bunların faydası yoxdur.
Hikmət və ağılsızlıq puçdur
12 Sonra mən hikmət, dəlilik və ağılsızlığın
Nə olduğuna dönüb baxdım.
Bundan sonra padşah olan adam
İndiyə qədər görülən işlərdən başqa
Nə edə bilər ki?
13 Mən gördüm ki,
Necə işıq qaranlıqdan üstündürsə,
Hikmət də ağılsızlıqdan eləcə üstündür.
14 Hikmətli adamın gözləri yerindədir,
Ağılsız adam isə qaranlıqda gəzir.
Lakin mən yenə bilirəm ki,
İkisinin də aqibəti eyni cür olur.
15 Mən ürəyimdə dedim:
“Mənim də aqibətim ağılsız adamın
Aqibəti kimi olacaq.
Onda hikmətli olmağımın
Nə faydası var?”
Ona görə də ürəyimdə dedim:
“Bu da puçdur”.
16 Çünki müdrik adam da
Ağılsız adam kimi
Bir daha xatırlanmayacaq,
Gələcək dövrdə hamısı unudulacaq.
Heyf ki hikmətli adam da
Ağılsız adam kimi ölür!
17 Beləcə həyata nifrət etdim,
Çünki səma altında edilən işlər
Mənim üçün dərddir.
Hər şey puçdur,
Külək dalınca qaçmağa bənzər.
Zəhmətin puçluğu
18 Mən səma altında çəkdiyim bütün zəhmətlərə nifrət etdim. Çünki onun da səmərəsini məndən sonra gələn adama verməliyəm. 19 Kim bilir, o da bir müdrik adam olacaq, yoxsa ağılsızın biri? Lakin hər halda səma altında hikmətlə davranıb çəkdiyim bütün zəhmətlərin səmərəsinə sahib olacaq. Bu da puçdur. 20 Ona görə də səma altında çəkdiyim bütün zəhmətlərdən əlimi üzdüm. 21 Çünki biri hikmət, bilik və bacarıqla zəhmət çəkir, axırda isə onun payını heç bir zəhmət çəkməmiş başqa adama verməli olur. Bu da puçdur, böyük bir dərddir. 22 İnsanın səma altında çəkdiyi bütün zəhmətlərin, ürəyindəki qayğıların ona nə faydası var? 23 * Əyy. 5:7; 14:1 Onun bütün günləri dərd içində, işləri kədər içində keçir. Hətta gecə də ürəyi rahatlanmır. Bu da puçdur.
24 * Vaiz 3:13; 5:18; 9:7; Yeş. 56:12; Luka 12:19; 1Kor. 15:32 İnsan üçün yeyib-içməkdən və gördüyü işdən zövq almaqdan yaxşı şey yoxdur. Ancaq mən gördüm ki, bunu da verən Allahdır. 25 Çünki Onsuz * Onsuz – bəzi qədim mətnlərdə mənsiz. kim yeyə, kim kef çəkə bilər? 26 * Əyy. 32:8; Sül. 2:6 Allah hikməti, biliyi və şadlığı razı qaldığı adama verir. Günahkarlara isə var-dövlət yığıb-toplamaq zəhmətini verir ki, sonra onu Özünün razı qaldığı adama bəxş etsin. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
*2:4 1Pad. 10:23-27; 2Saln. 9:22-27
*2:24 Vaiz 3:13; 5:18; 9:7; Yeş. 56:12; Luka 12:19; 1Kor. 15:32
*2:25 Onsuz – bəzi qədim mətnlərdə mənsiz.