YEZEKEL
PEYĞƏMBƏRİN KİTABI
GİRİŞ
Yezekel peyğəmbər miladdan əvvəl 593-571-ci illərdə peyğəmbərlik edirdi. O, Babildə sürgündə yaşayırdı. Onun sözləri həm sürgündə yaşayan həmvətənlərinə, həm də Yerusəlim əhalisinə aid idi. «Yezekel» Kitabında təsvir olunan vacib hadisələr bunlardır:
Allah Yezekeli peyğəmbər olmağa çağırır. Sonra o, insanların üzərinə gələn Allah cəzası, Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq edir.
Yezekel Allahın xalqına zülm edən millətlərin Onun tərəfindən mühakimə edilməsi barədə peyğəmbərlik edir. Lakin Allah sədaqətlidir, buna görə də Yerusəlimin süqutu və dağıdılmasından sonra İsrail xalqına təsəlliverici sözlər və gələcəyə parlaq ümid verir.
Kitabın məzmunu bir qədər çətin anlaşılır, çünki onun bir hissəsini görüntülər təşkil edir.
Bu kitabda həm də bərpa olunmuş məbəd və İsrail Yezekelin təsvirində böyük maraq doğurur. Yezekel böyük imana malik idi. O, ürəklərin və ruhani vəziyyətin yeniləşməsinin zəruriliyini, hər insanın öz günahlarına görə məsuliyyət daşımasını vurğulayırdı. Yezekel xalqın həyatının yeniləşməsi barədə car çəkirdi. O, kahin və peyğəmbər kimi məbədin bərpa olunmasına və İsrailin qanuna uyğun pak olmasına ehtiyac duyurdu.
Kitabın məzmunu:
1:1–3:37 Allah Yezekeli peyğəmbər olmağa çağırır
4:1–24:27 Yerusəlimin süqutu və dağıdılması barədə xəbərdarlıq
25:1–32:32 Allahın millətlər üzərində məhkəməsi
33:1–37:28 Allahın Öz xalqına vədləri
38:1–39:29 Qoqa qarşı peyğəmbərlik
40:1–48:35 Gələcək məbəd və ölkə barədə görüntü
1
Yezekelin ilk görüntüsü
* Vəhy 19:11 Otuzuncu ildə,* Otuzuncu ildə – yaxud otuz yaşında ikən. dördüncü ayın beşinci günü mən Kevar çayı sahilində, sürgündə yaşayanlar arasında olanda göylər açıldı və Allahdan gələn görüntüləri gördüm. * 2Pad. 24:10-16; 2Saln. 36:9-10 Padşah Yehoyakinin sürgün olunmasının beşinci ilində, həmin ayın beşinci günü Xaldey ölkəsində, Kevar çayı sahilində Buzinin oğlu kahin Yezekelə Rəbbin sözü nazil oldu. Orada Rəbbin əli onun üzərində idi.
Mən gördüm ki, budur, şimaldan çovğun yeli və dayanmadan şimşək çaxan böyük bir bulud gəlir. Onun ətrafında parıltı var idi, ortasında isə od içində kükrəyən metal kimi bir şey var idi. * Vəhy 4:6 Ən ortasında canlı məxluqa bənzəyən dörd varlıq mövcud idi. Onların görünüşü insana bənzəyirdi. Hər birinin dörd üzü və dörd qanadı var idi. Onların bacaqları düz idi. Ayaqları dana ayaqlarına oxşayırdı və cilalanmış tunc kimi parıldayırdı. Dörd yanlarında, qanadları altında insan əlləri var idi. Dördü də üzlərə və qanadlara malik idi. Onların qanadları bir-birinə toxunurdu. İrəli gedərkən sağa-sola dönmürdülər, hər biri üz tutduğu tərəfə irəliləyirdi.
10  * Yez. 10:14; Vəhy 4:7 Onların dörd tərəfə yönələn üzlərinin bənzəyişi belə idi: qabaq tərəfdə insan üzü, sağ tərəfdə aslan üzü, sol tərəfdə öküz üzü, arxada isə qartal üzü var idi. 11 Onların üzləri və qanadları yuxarıya doğru açılmışdı. Hər canlının iki qanadı yanda o biri canlının qanadına toxunur, iki qanadı da bədənlərini örtürdü. 12 Hər biri üz tutduğu tərəfə irəliləyirdi. Ruh hara gedirdisə, onlar da ora gedirdi. İrəli gedərkən sağa-sola dönmürdülər. 13  * Vəhy 4:5 Bu canlılar görünüşcə yanar köz kimi, məşəl kimi bir şeyə bənzəyirdi. Canlı məxluqların arasında od hərəkətdə idi. Od parıldayırdı və ondan şimşək çaxırdı. 14 Canlı məxluqlar şimşək çaxan kimi cəld o tərəf-bu tərəfə hərəkət edirdi.
15  * Yez. 10:9-13 Mən canlı məxluqlara baxıb gördüm ki, hər birinin yanında yerə dəyən bir təkər var. 16 Təkərlərin görünüşü və quruluşu belə idi: onlar sarı yaqut kimi parıldayır və dördü də bir-birinə oxşayırdı. Onların görünüşü və quruluşu elə idi ki, sanki bir təkər o biri təkər içində yerləşmişdi. 17 Getdikləri zaman dörd tərəfə də gedə bilirdilər. İrəli gedərkən sağa-sola dönmürdülər. 18  * Vəhy 4:8 Təkərlərin sağanaqları hündür və qorxunc idi. Dördünün də sağanaqları hər tərəfdən gözlərlə dolu idi. 19 Canlı məxluqlar irəlilədikcə təkərlər də yanında fırlanır, canlı məxluqlar yerdən qalxdıqca təkərlər də qalxırdı. 20 Ruh hara gedirdisə, onlar da ora gedirdi, təkərlər də onlarla bərabər qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi. 21 Onlar irəliləyəndə bunlar da irəliləyirdi, onlar dayananda bunlar da dayanırdı. Onlar yerdən qalxanda yanlarındakı təkərlər də qalxırdı, çünki canlı məxluqların ruhu təkərlərdə idi.
22  * Vəhy 4:6 Yuxarı tərəfdə, canlı məxluqların başı üzərində büllur kimi parıldayan göy qübbəsinə oxşayan qorxunc bir şey uzanırdı. 23 Qübbənin altında hər canlı məxluq qanadlarını yanındakılara doğru uzadır, başqa iki qanadla da bədənini örtürdü. 24  * Vəhy 1:4-15; 19:6 Onlar irəlilədikləri zaman qanadlarının gurultusunu eşitdim: sanki gur suların səsi, Külli-İxtiyarın sədası, güclü gurultu, qoşunun tappıltısı gəlirdi. Onlar dayandıqları zaman qanadlarını endirirdi. 25 Onlar qanadları enmiş halda dayanarkən başları üzərindəki qübbədən bir səs gəldi. 26  * Yez. 10:1; Vəhy 4:2-3 Başları üzərindəki qübbənin üstündə sanki göy yaqutdan düzəldilmiş taxta oxşar bir şey var idi. Yüksəkdə, taxta oxşayan şeyin üzərində insana bənzər bir Şəxs var idi. 27  * Yez. 8:2 Mən gördüm ki, Onun belindən yuxarı hissəsi kükrəyən metala oxşayır, içi isə hər tərəfdən alov kimi idi. Mən Onun belindən aşağı görünüşünü də gördüm: sanki bir alov idi və ətrafında parıltı var idi. 28 Yağış günü buludda olan göy qurşağının görünüşü necə olursa, hər tərəfdən gələn parıltının görünüşü də elə idi. Bu, Rəbbin izzətinə bənzər bir görüntü idi.
Bunu görəndə mən üzüstə yerə yıxıldım və danışan bir Şəxsin səsini eşitdim.

*1:1 Vəhy 19:11

*1:1 Otuzuncu ildə – yaxud otuz yaşında ikən.

*1:2 2Pad. 24:10-16; 2Saln. 36:9-10

*1:5 Vəhy 4:6

*1:10 Yez. 10:14; Vəhy 4:7

*1:13 Vəhy 4:5

*1:15 Yez. 10:9-13

*1:18 Vəhy 4:8

*1:22 Vəhy 4:6

*1:24 Vəhy 1:4-15; 19:6

*1:26 Yez. 10:1; Vəhy 4:2-3

*1:27 Yez. 8:2