5
Mərhəmət duası
Ya Rəbb, başımıza gələni yada sal
Gör bu xəcalətimizi, buna nəzər sal.
İrs torpağımız yadellilərin əlinə keçib,
Evlərimiz əcnəbilərə verilib.
Atalarımız öldü, yetim qaldıq,
Analarımız dul qaldı.
Suyumuzu pulla alıb içirik,
Pulla odun almağa məcburuq.
Bizi qovub başımızdan basırlar,
Yorulmuşuq, bizi rahat qoymurlar.
Doyunca çörək yemək üçün
Misirə, Aşşura əl açmışıq.
Ata-babalarımız günah işlədərək keçib-getdi,
Təqsirlərinin cəzası üstümüzə yükləndi.
Qullar bizə hökmran olub,
Bizi onların əlindən qurtaran yoxdur.
Çöldəki qılınca görə,
Canımız bahasına çörək qazanırıq.
10 Aclıq bizi yandırıb-yaxdığına görə
Dərimiz qaralıb, kürəyə bənzəyir.
11 Sionda qadınlar,
Yəhuda şəhərlərindəki bakirə qızlar zorlanır.
12 Başçılar əllərindən asılıb,
Ağsaqqallar hörmətdən düşüb.
13 Məcburiyyət qarşısında cavanlar əl dəyirmanını çəkir,
Oğlanlar odun yükləri altında səndələyir.
14 Şəhər darvazasında ağsaqqallar oturmur,
Gənclər çalğı alətlərində çalmır.
15 Ürəyimizdən şadlıq çəkilib,
Oyunlarımız yasa çevrilib.
16 Başımızın tacı düşüb,
Vay halımıza! Çünki günah işlətmişik.
17 Buna görə ürəklərimiz çəkilib,
Gözlərimiz qaralıb,
18 Çünki Sion dağı viran qalıb,
Üstündə tülkülər gəzib-dolaşır.
 
19  * Zəb. 102:12 Sən isə, ya Rəbb, əbədi hökmransan,
Nəsildən-nəslə qədər taxtında oturacaqsan.
20 Uzun zamandan bəri niyə bizi bu qədər tərk etmisən?
Niyə bizi bu qədər uzun müddətə tərk etmisən?
21 Ya Rəbb, bizi Özünə qaytar,
Təzədən əvvəlki günlərimizə qayıdaq!
22 Yoxsa hüzurundan bizi tamamilə atmısan,
Bizə qarşı hədsiz qəzəblənmisən?

*5:19 Zəb. 102:12