3
Hər şeyin öz vaxtı var
Hər şeyin öz vaxtı var, göylər altında hər işin öz vaxtı var:
 
Doğulmağın öz vaxtı var, ölməyin öz vaxtı.
Əkməyin öz vaxtı, kökündən çıxartmağın öz vaxtı.
Öldürməyin öz vaxtı, sağaltmağın öz vaxtı.
Yıxmağın öz vaxtı, qurmağın öz vaxtı.
Ağlamağın öz vaxtı, gülməyin öz vaxtı.
Yas tutmağın öz vaxtı, rəqs etməyin öz vaxtı.
Daş atmağın öz vaxtı, daş yığmağın öz vaxtı.
Qucaqlaşmağın öz vaxtı, qucaqlaşmamağın öz vaxtı.
Axtarmağın öz vaxtı, itirməyin öz vaxtı.
Saxlamağın öz vaxtı, atmağın öz vaxtı.
Yırtmağın öz vaxtı, tikməyin öz vaxtı.
Susmağın öz vaxtı, danışmağın öz vaxtı.
Sevməyin öz vaxtı, nifrət etməyin öz vaxtı.
Müharibənin öz vaxtı, sülhün öz vaxtı.
İşləyən adama zəhmət çəkib gördüyü işin nə faydası var? 10 Gördüm ki, bu işi üzərində zəhmət çəkmək üçün Allah insanlara verib. 11 Allah hər şeyi öz vaxtında gözəl yaratdı və əbədiyyəti də insanların ürəyinə qoydu. Hərçənd ki insan Allahın etdiyi işi əvvəldən axıra qədər anlaya bilməz. 12 Mən bilirəm ki, insan üçün şadlıq etməkdən və ömrü boyu xeyirxahlıq etməkdən yaxşı şey yoxdur. 13 Həm də hər kəsin yeyib-içməyi və gördüyü işdən zövq almağı Allahın bəxşişidir. 14 Bunu bilirəm ki, Allahın etdiyi hər iş daim qalır: ona nə bir şey artırmaq, nə də bir şey əskiltmək olar. Allah bunu ona görə edir ki, insanlar Ondan qorxsun.
15 İndi nə olursa, keçmişdə də olub,
Nə olacaqsa, lap qədimdən də var idi.
Allah olub-keçənləri araşdırır.
16 Səma altında bir şey də gördüm:
Ədalətin yerində pislik var,
Salehliyin də yerində pislik.
17 Mən ürəyimdə dedim:
“Allah həm salehi,
Həm də pis adamı mühakimə edəcək.
Çünki O hər iş, hər əməl üçün
Bir vaxt qoyub”.
18 İnsanlar barədə mən ürəyimdə dedim: “Allah onları sınayır ki, heyvan kimi olduqlarını görsünlər”. 19 Çünki heyvanın başına gələn insanın da başına gəlir, ikisinin də aqibəti eyni cür olur. Necə biri ölürsə, eləcə də o biri ölür. İkisi də eyni nəfəsə malikdir, insan heyvandan üstün deyil, çünki hər şey puçdur. 20 Hamısı bir yerə gedir, hamısı torpaqdan yaranıb, torpağa da qayıdır. 21 Bunu kim bilir ki, insanların ruhu yuxarı qalxır, heyvanların ruhu aşağı – yerin altına enir?
22 Gördüm ki, insanın etdiyi işdən zövq almasından yaxşı şey yoxdur, çünki onun payına düşən budur. Kim onu bir də geri qaytaracaq ki, özündən sonra nə olacağını görsün?