4
Dünyanın əziyyətləri
Mən yenə səma altında edilən
Bütün zülmləri gördüm:
Məzlumların göz yaşlarını gördüm,
Onlara təsəlli verən yox idi,
Qüdrət zalımların əlində idi,
Məzlumlara təsəlli verən yox idi.
Çoxdan ölüb getmiş adamları
Hələ diri qalanlardan daha xoşbəxt saydım.
Bunlardan da xoşbəxt o adamdır ki,
Hələ dünyaya gəlməyib,
Səma altında edilən pisliyi görməyib.
Mən gördüm ki, bir adamın çəkdiyi bütün zəhmətlər, yaxşı gedən bütün işlər qonşusunda qısqanclıqdan həvəs yaradır. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.
Ağılsız adam əlini qoynuna qoyur,
Öz canını üzür.
Bir ovuc dolusunun gətirdiyi rahatlıq
İki ovuc dolusunun gətirdiyi
Zəhmətdən və külək dalınca qaçmaqdan yaxşıdır.
Mən yenə səma altında puç olan başqa bir şeyi gördüm:
Tənha bir adam var idi,
Onun nə oğlu, nə də qardaşı var idi.
Zəhmət çəkməkdən yorulmazdı,
Lakin yenə də gözləri mal-dövlətdən doymurdu.
Özündən soruşmurdu ki,
Kimin üçün bu qədər zəhmət çəkirəm,
Kimin üçün özümü zövq almaqdan məhrum edirəm?
Bu da puçdur, böyük bir dərddir.
İki adam bir adamdan yaxşıdır,
Çünki zəhmətləri üçün yaxşı muzd alacaqlar.
10 Əgər biri yıxılsa,
O biri yoldaşını qaldırar.
Lakin vay o adamın halına ki,
Yıxılanda onu qaldıran olmur!
11 Həmçinin iki nəfər bir yerdə yatarsa,
Bir-birini isidər.
Amma tək yatan necə isinə bilər?
12 Əgər bir nəfər tək qalıb məğlub olarsa,
İki nəfər hücuma tab gətirə bilər.
Üçqat ip tez qırılmaz.
13 Yoxsul və hikmətli bir cavan irad qəbul etməyən qoca və səfeh padşahdan yaxşıdır. 14 Çünki o cavan bu ölkədə yoxsulluq içində doğulsa da, zindana düşsə də, çıxıb padşah ola bilər. 15 Gördüm ki, səma altında dolaşan bütün adamlar padşah taxtına oturan bu cavanın ardınca gedir. 16 Onun başına yığışan bütün xalqın sayı-hesabı yox idi. Ancaq sonra gələn nəsillər onun üçün də sevinməyəcək. Bu da puçdur, külək dalınca qaçmağa bənzər.