20
Qayadan çıxan su
1 Birinci ay bütün İsrail övladlarının icması Zin səhrasına gəldi. Onlar Qadeşdə dayandılar. Məryəm oradaca öldü və elə orada da basdırıldı.
2 * Çıx. 17:1-7; 1Kor. 10:4 İcma üçün su yox idi, ona görə Musa və Haruna etiraz etmək üçün toplandılar. 3 Xalq Musaya narazılıq edib dedi: «Kaş ki biz də soydaşlarımızla birgə Rəbbin önündə öləydik! 4 Rəbbin camaatını bu səhraya nə üçün gətirdiniz? Bizim və heyvanlarımızın burada ölməsi üçünmü? 5 Nə üçün bizi Misirdən çıxarıb belə pis yerə gətirdiniz? Bura nə əkin, nə əncir, nə bağ, nə də nar yeridir. İçməyə belə, su yoxdur».
6 Musa ilə Harun camaatın önündən Hüzur çadırının girişinə getdilər və üzüstə yerə sərildilər. Rəbbin izzəti onlara göründü. 7 Rəbb Musaya dedi: 8 «Əsanı götür, sən və qardaşın Harun icmanı toplayın və onların gözü önündə qayaya su versin deyə söyləyin. Qayadan onlara su çıxart, icmaya və heyvanlarına içirt». 9 Musa əmr olunduğu kimi əsanı Rəbbin önündən götürdü.
10 Musa ilə Harun camaatı qayanın önünə topladılar və onlara dedilər: «Ey dönük olanlar, indi dinləyin; bu qayadan sizə su çıxaraqmı?» 11 Musa əlini qaldırdı və əsası ilə iki dəfə qayaya vurdu, qayadan bol su çıxdı. Bütün icma və onların heyvanları su içdilər.
12 Lakin Rəbb Musaya və Haruna dedi: «Madam ki İsrail övladlarının gözü önündə Mənim müqəddəsliyimi göstərərək Mənə iman etmədiniz, bu camaatı onlara verdiyim ölkəyə aparmayacaqsınız». 13 Bu sulara Meriva suları deyilir, çünki bu yerdə İsrail övladları Rəbb ilə mübahisə etdilər və Rəbb onlara Öz müqəddəsliyini göstərdi.
Edom padşahının İsrail övladlarına etirazı
14 Musa Qadeşdən Edom padşahına bu xəbərlə qasidlər göndərdi: «Qardaşın İsrail belə deyir: “Çəkdiyimiz zəhmətin hamısını bilirsən. 15 Atalarımız Misirə köçdülər və biz bir xeyli vaxt Misirdə yaşadıq. Misirlilər bizimlə və atalarımızla pis rəftar etdilər. 16 Rəbbə fəryad etdik, O da səsimizi eşitdi və bir mələk göndərdi, bizi Misirdən çıxardı. İndi biz sənin sərhədinə yaxın bir şəhər olan Qadeşdəyik. 17 Sənə rica edib torpağından keçmək üçün izin istəyirəm. Biz tarladan və bağdan keçməyəcəyik, heç bir quyudan su içməyəcəyik. Padşah yolu ilə sənin torpaqlarından keçənədək sağa və sola dönməyəcəyik”». 18 Lakin Edomlular ona dedilər: «Torpağımızdan keçməyin, yoxsa qarşınıza qılıncla çıxarıq». 19 İsrail övladları onlara dedilər: «Biz əsas yolla getmək istəyirik. Əgər biz və sürülərimiz sularından içəriksə, dəyərini ödəyərik; yalnız piyada getməkdən başqa heç nə istəmirik». 20 Edomlular dedilər: «Keçmək olmaz». Sonra Edomlular böyük və güclü bir ordu ilə onların qarşısına çıxdılar. 21 Edomlular ölkəsindən İsrail övladlarının keçməsinə izin verməyəndə İsraillilər onların torpaqlarından çəkildilər.
Harunun ölümü
22 Bütün İsrail icması Qadeşdən yola düşüb Hor dağına gəldi. 23 Rəbb Edom torpağı sərhədində Hor dağında Musa ilə Haruna belə dedi: 24 «Harun ölüb öz xalqına qovuşacaq, çünki Meriva sularında sözümə qarşı çıxdığınız üçün İsrail övladlarına vəd etdiyim ölkəyə girməyəcək. 25 Harunu və oğlu Eleazarı götür, onları Hor dağına apar. 26 Harunun paltarlarını çıxar və onları oğlu Eleazara geyindir, Harun isə oradaca ölüb xalqına qovuşacaq».
27 Musa Rəbbin əmr etdiyi kimi etdi və bütün icmanın gözü önündə Hor dağına çıxdılar. 28 * Çıx. 29:29 * Say. 33:38; Qanun. 10:6 Musa Harunun kahinlik geyimlərini çıxarıb oğlu Eleazara geyindirdi. Harun orada dağın təpəsində öldü. Musa ilə Eleazar dağdan endilər. 29 Bütün icma Harunun öldüyünü bildi. Bütün İsrail xalqı onun üçün otuz gün yas tutdu.